Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektlərini BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim edib.

Bu fikri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının ümumi müzakirələr hissəsində çıxışı ilə bağlı açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib ki, bu ilin avqust ayında Azərbaycanın işğal altındakı Xankəndi şəhərində çıxış edərək, Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından “sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir.

Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 1921-ci il iyulun 5-də Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar vermişdir. Ermənilərin yalan iddialarına baxmayaraq, burada “Dağlıq Qarabağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmamışdır.

Keçən əsrin 80-ci illərindən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürmüş, zorakı əməlləri və təcavüzkar separatizmi fəal şəkildə dəstəkləmişdir.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdə həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi" və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.

Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqilliyini bərpa etməmişdən öncə sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.

İkincisi, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir.

Xatırladaq ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir”.